09:00 – 18:00

Bazar ertəsi - Cümə Monday - Friday Понедельник - Пятница

(012) 497 03 51 / (050) 333 44 94

Pulsuz konsultasiyaFree consultationБесплатная консультация

Facebook

linkedin

 

Meşə materialları ucuzlaşdı, bəs kağız?

BUSINESS CLINIC > Son xəbərlər  > Meşə materialları ucuzlaşdı, bəs kağız?

Meşə materialları ucuzlaşdı, bəs kağız?

Azərbaycanda tikinti materialları ucuzlaşıb. Ucuzlaşmaya səbəb kimi qış fəslində tikinti işlərinin aparılmaması və tələbatın az olduğu, eyni zamanda logistikada müəyyən problemlərin aradan qaldırılması göstərilir.

Maraqlı məqamlardan biri budur ki, ağac məmulatları da ucuzlaşıb. Diqqət etsək, görərik ki, tikinti materialları sırasında taxtanın qiyməti artan kimi kağızın da bahalaşması müşahidə olunurdu.

Bəs görəsən, hazırkı məqamda kağızın və kağız məhsullarının qiyməti enə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, taxtanın qiymətinin cüzi şəkildə azalmasının kağızın qiymətinə təsiri olmayacaq:

“Meşə materialları Azərbaycana, əsasən, Rusiyadan idxal olunur. Bu gün biz Rusiyadakı qiymətlərlə müqayisə etsək, arada 3-5 dəfə fərq olduğunu görərik. Taxta materialının qiymətinin azalması kağızın qiymətinə təsir göstərməyəcək. Çünki bu, inhisarçı qiymətdir. Həmin qiymətlər bazarda formalaşıb, süni şəkildə artırılıb.

Bunun xərc bazası da var. Kağız istehsalı ilə əlaqələndirmək düzgün olmaz. Rusiyada qiymət dəfələrlə ucuzdur. Azərbaycandakı qiymətlərlə uyğunlaşdıra bilmərik”.

Ekspert qeyd edib ki, istehsalçılar hər hansı bir inhisarçılıq siyasəti güdməsələr, kağızın qiyməti ucuz ola bilər:

“Kağız istehsalçıları da şübhəsiz ki, materialı mənbəyindən alırlar və hər hansı bir inhisarçılıq siyasəti güdmürlərsə, əlbəttə ki, kağızın ucuzlaşması mümkündür. Çünki bizdə hər ikisi – istər kağız, istərsə də taxtanın qiyməti mənbə ölkəsində istehsal olunandan dəfələrlə yüksəkdir. Qiymət əmələgəlmə prosesini tənzimləyən sağlam rəqabət olmalıdır. Sağlam rəqabət olsa, nə idxal amilində, nə də istehsal prosesində inhisarçılıq olmaz. Bununla yanaşı, piştaxtalarda, pərakəndə satışa gedən yolda da inhisarçılıq olmaz”.

F.İbrahimov əlavə edib ki, gizli iqtisadiyyata və inhisarçılığa qarşı mübarizə aparmalıyıq:

“Bizdə hökumət hər hansı bir məhsulun idxal vergisini qaldırır. Məsələn, Pakistan düyüsü ilin axırına qədər 15 faiz idxal vergisindən azad olunub. İndi gəlin görək, piştaxtalardakı düyünün qiymətində 15 faiz azalmanı görürükmü? 15 faizi işbazlar özlərinə gəlir mənbəyi kimi götürürlər. Ortalıqda hökumətin gəliri gedir. Bundan ötrü də sağlam rəqabət lazımdır. Sahibkarın hər hansı bir bankdan kredit götürmək və məhsulu rahatlıqla Azərbaycana gətirmək imkanı olmalıdır. Əgər bu yoxdursa, məhsulu ölkəyə bir və ya iki nəfər sövdələşib gətirirsə, onda qiymət əmələgəlmə prosesində sağlam mühit formalaşa bilməz.

Bu, iqtisadi nəzəriyyədə öz əksini tapıb. Sadəcə olaraq, bu kursu tətbiq etmək lazımdır. Gizli iqtisadiyyat və inhisarçılığa qarşı mübarizə aparmalıyıq. Azərbaycan Şərq və Qərb arasında ən optimal dəhlizdir ki, hər kəs bu dəhlizdən rahat istifadə etmək istəyir. Lakin özümüzə gəlib çatanda hiss olunur ki, sanki inhisarçılığı aradan qaldırmaq fikrində deyilik. Ancaq buna böyük ehtiyac var”.

Milli Məclisin deputatı Aydın Hüseynov isə əlavə edib ki, hökumət vergi güzəştləri ilə kağız məmulatlarının bahalaşmasının qarşısını alır:

“2022-ci ildə Rusiya ilə Ukrayna arasında müharibənin başlanması bir sıra malların tədarükü, ixracı və nəqli kimi problemlərin də meydana çıxmasına səbəb oldu. Rusiyanın ötən ilin may ayında bəzi malların, o cümlədən də taxta materiallarının ixracına müəyyən məhdudiyyətlər tətbiq etməsi nəticəsində həmin məhsulların qiyməti bahalaşmışdı. Ancaq ötən ilin 3-cü rübündən sonra tədarüklə bağlı yaranmış çətinliklər artıq aradan qalxmağa başladığından Rusiyadan gətirilən eyniadlı məhsulların qiymətlərindəki artım da səngiməkdədir. Rusiyadan Azərbaycana kifayət qədər tikinti materialı və ağac məmulatları gətirilir və hazırda həmin malların da qiymətlərindəki bahalaşma əks istiqamətdə gedir”.

Millət vəkili qeyd edib ki, adətən, qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir:

“Sözsüz ki, taxta materiallarının ucuzlaşması kağız məmulatlarının da qiymətlərinə təsir edəcək və ucuzlaşmanın baş verməsi gözləniləndir. Ancaq bazarda tikinti materiallarına, o cümlədən ağac məmulatlarına tələbat hazırda böyükdür. Azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır və ağac-taxta materiallarına da tələbat artır”.

A.Hüseyov bildirib ki, hökumət müxtəlif iqtisadi mexanizmlər vasitəsilə kağız və bu tipli materialların ucuzlaşmasına çalışır:

“2022-ci ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, kütləvi informasiya vasitələri məhsulları və kitablar, dərslik komplektlərinin idxalı və satışı, həmçinin rulon və ya vərəq şəklində kağızın idxalı və satışı, nəşriyyat və poliqrafiya vasitələri vergidən azad edilib və hazırda bu sahələrdən ƏDV tutulmur. Bu siyasət də əslində, kağızın bahalaşmasının qarşısını almağa xidmət edir”.

Nəzrin Vahid

No Comments

Leave a Comment